Bakıda Naxçıvan sakini, 1974-cü il təvəllüdlü Mustafayev Mail Məmmədəli oğlu odlu silah vasitəsilə qanuni torpaq sahibini həmin ərazidən qovmağa cəhd göstərib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən onlara ərizə ilə Hövsanda yerləşən “Südçülük” sovxozunun sakini Əliyev Vəli Rəcəbalı oğlu müraciət edib.
O bildirib ki, bu ilin avqustun 8-də Mustafayev onun həyətinə gələrək, havaya iki dəfə atəş açıb və Əliyevdən torpaq sahəsini boşaltmağı tələb edib.
Cinayətkar bəyan edib ki, bu torpaq sahəsi onundur və Əliyev getməsə, güllələnəcək. Silahsız olan Əliyev qapını içəridən bağlayaraq, evdə gizlənib.
Əliyev cinayətkarın qışqıraraq yenidən qayıdacağını və bu dəfə söhbətin daha ciddi olacağını bildirdiyini qeyd edib.
AR CM-in 221.3 (silah tətbiq etməklə xuliqanlıq) və 228.1 maddələri (odlu silahın qeyri-qanuni saxlanılması) ilə axtarışa verilən Mustafayevi polislər bu bazar günü saxlayıblar.
Naxçıvan sakini tapança tətbiq etməklə xuliqanlıq faktı törətməsini etiraf etməyib, əməliyyatçılar tapançanı da aşkarlamayıblar. Digər tərəfdən Vəli Əliyev onu tanıyıb.
Axtarış zamanı saxlanılan şəxsdən narkotik maddə - heroin aşkarlanıb. “Hardan tapmısan və nə üçün saxlayırsan?” sualına cavab olaraq, Mustafayev iki ay əvvəl yol qəzasında zədələndiyini və o vaxtdan güclü baş ağrılarından əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, heroin ona ağrıkəsici vasitə kimi lazımdır. Cavab, əlbəttə ki, polisləri güldürüb.
Hazırda saxlanılan şəxsin digər cinayətlərə aidiyyətinin olub-olmaması aydınlaşdırılır.