“Oazis” restoranında baş verən dava ilə bağlı mediada yeni görüntülər yayımlanıb.
Oxu.Az-ın AzadXeber.net-ə istinadən verdiyi məlumata görə, video-görüntü mediada yayılan kadrlardakı restoran işçiləri tərəfindən döyüldüyü görünən Zaur Əsgərovun yaxınları tərəfindən yayımlanıb.
Videonu yayanlar bundan öncə hadisə ilə bağlı videoreportaj hazırlayan media orqanlarını qərəzli olmaqda və restoran rəhbərliyinin tərəfini tutmaqda ittiham ediblər.
Sosial şəbəkədə yayımlanan müraciətin mətnini sizlərə təqdim edirik.
“Biz orada 10 içkili kişi olmamışıq. Əslində ailə üzvlərimizlə birlikdə olmuşuq. Bizi sözün əsl mənasında təklədilər və tapdaladılar. Mediadan xahiş edirik ki, informasiyanı hazırlayanda obyektivliyi nəzərə alsınlar.
Bəzi ailə şəkillərini məlum məsələlərə görə paylaşa bilmirik. Amma lazım olan vaxt təqdim edə bilərik. Videoda Zaur Əsgərovun sonda yerə yıxılmasına diqqət etməyinizi xahiş edirik. Bu anda yanında olan bacımızı necə itələdiklərinə fikir verin. Digər kadrda Ravid Abdullayev də yerdə özünü itirmiş halda uzanıb. Emil Tumasov da həmçinin Ravidin yanında sürünür”.