Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Fərrux Zeynalovun (1996-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 85 ünvanda Fərrux Zeynalov münaqişə zəminində paytaxt sakini Elçin Dəmirova (1987-ci il təv.) döş qəfəsi nahiyəsindən bıçaqla üç xəsarət yetirib.
Ağır yaralanan gənc Kliniki Tibbi mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.
İstintaqla müəyyən edilib ki, həmin gün Fərrux Zeynalov parkda məşq etdiyi zaman, Elçin Dəmirovun oturacaqda bir qızla əyləşib, öpüşdüyünü görüb və bunu sonuncuya irad tutub.
Zeynalov parkın yaşadığı əraziyə yaxın olduğunu, oradan qohum və qonşuların keçdiyini bildirib. O, Elçinə qızla başqa yerdə görüşməsini məsləhət gördükdə, Dəmirov bundan əsəbiləşib və Fərruxu söyüb. İlk söz mübahisəsi aralarında orada baş verib, bir qərara gələ bilməyən tərəflər mübahisəyə aydınlıq gətirmək üçün başqa yerdə görüşmək barədə razılığa gəliblər. Axşam saat 16 radələrində görüşərkən onlar mübahisəyə sülh yolu ilə son qoya bilmədiklərinə görə dava başlayıb, nəticədə üzərində olan bıçaqla Fərrux Elçinə zərbələr endirib və hadisə yerindən qaçıb.
Məhkəmə prosesində F.Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Elçin Dəmirovu qəsdən vurmadığını, sadəcə onun fiziki cəhətdən güclü olduğunu anladığı üçün əlini bıçağa atdığını bildirib və əməlindən peşman olduğunu qeyd edib.
Onu da qeyd edək ki, araşdırma nəticəsində müəyyən olunub ki, idmançı gənc oğlanı qızla öpüşdüyünə görə öldürməyibmiş.
Cinayəti törədən Fərrux Zeynalov həbs olunduqdan sonra polisə bildirib ki, hadisə vaxtı o, parkda məşq edirmiş. Həmin vaxt Elçin Dəmirov orada bir qızlı öpüşürmüş. Fərrux Elçin Dəmirova qızla öpüşməsini irad tutub.
Guya o, deyib ki, bura yaşayış sahəsidir, qohumları, qonşuları var. O, Elçinə başqa yerdə qızla görüşməsini deyib. Elçin isə Fərruxa mübahisəni həll etmək üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Mübahisə zamanı Fərrux özündə olan bıçağı Elçin Dəmirovun ürəyinə sancıb.
Lakin Oxu.Az-ın şəxsi mənbələrindən əldə etdiyi məlumata görə, hadisə heç də cinayətkarın danışdığı kimi olmayıb.
Belə ki, bir müddət əvvəl qətlə yetirilmiş Elçin Dəmirov bir qızla nişanlanıbmış. Qətli törədən Fərrux Zeynalov da həmin qızı sevirmiş. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc Elçin Dəmirova zəng vuraraq, onu görüşə çağırıb və burada onu bıçaqla ürək nahiyəsindən vuraraq qətlə yetirib.
Mənbənin sözlərinə görə, qətlə yetirilən Elçin Dəmirov istedadlı gənc imiş. O, hətta oxuduğu ali məktəbdə prezident təqaüdünə layiq görülübmüş.
Məlumata görə, ölən Elçin Dəmirov 2010 cu ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakultəsini bitiribmiş.
ərərçəkmişin hüquqi varisi ifadə verərək, Zeynalova ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az