Şimali Osetiyada üç Azərbaycan vətəndaşı dələduzluqda ittiham olunur.
Şimali Osetiya-Alaniya Respublikası prokurorluğu Mahmudov Zahid Sədrəddin oğlu, Abdullayev Rafiq Əbdülkərim oğlu, Əhmədova Bənovöşə Koroğlu qızına qarşı qaldırılmış cinayət işi üzrə yekun ittiham aktını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, onlar Rusiya CM-in 159-cu maddəsinin 2-ci hissəsi üzrə (vətəndaşa xeyli ziyan vurmaqla dələduzluq) ittiham olunurlar.
İstintaqın versiyasına görə, Mahmudov, Abdullayev və Əhmədova il yarım ərzində respublikanın yaşayış məntəqələrini gəzərək, özlərini İran yaxud Qüdsdən gələn zəvvar kimi göstərib və çay içmək üçün evə keçməyə icazə istəyirlərmiş.
Söhbət zamanı onlar sakinləri evə “cadu qoyulduğuna” və tez bir zamanda ailə üzvlərindən kiminsə öləcəyinə inandırırlarmış.
Yalandan təmizləmə ritualı nümayiş etdirərkən, “zəvvarlardan” biri ev sahiblərinin diqqətini yayındırır və evdə gizli bir yerə əvvəlcədən hazırlanmış, üzərində guya “cadu” lan sarı kağız vərəqini qoyurmuş.
Həmin kağızı tapan dələduzlar ev sahiblərini qorxudaraq, “cadudan” təmizlənmək üçün pul tələb edirmişlər.
Ümumilikdə Mahmud, Abdullayev və Əhmədova 27 nəfəri aldadıb və onlardan ümumilikdə 1 milyon rubldan çox pul alıblar.
Cinayət işi baxılmaq üçün Şimali Osetiya-Alaniya Respublikasının Ardon rayon məhkəməsinə göndərilib.