Sabunçu rayonunda 46 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotiklərin paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.