Bakı Apellyasiya Məhkəməsində Sabunçu rayon sakini Güloğlan Abbasovun (1972-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1 (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2013-cü il avqustun 29-da Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 ünvanında naməlum şəxs “Makarov” tapançasından “Qara Tofiq” ləqəbli Tofiq Həsənova (1952-ci il təv.) 7 atəş açmaqla onu qətlə yetirib və hadisə yerindən qaçıb. Daxil olan məlumat əsasında Sabunçu RPİ cinayət-axtarış şöbəsi, 12-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları ilə birgə hadisə yerinin müayinəsini aparıblar. Şahid ifadələrindən məlum olub ki, həmin gün saat 23 radələrində Tofiq Həsənova yaxınlaşan naməlum şəxs evin yaxınlığında ona yaxın məsafədən atəşlər açıb.
Mərhumun şəxsiyyətini araşdırarkən məlum olub ki, “Qara Tofiq” dəfələrlə məhkum olunub və həyatının böyük hissəsini cəzaçəkmə müəssisələrində keçirib. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Həsənov baş, sinə və qarın nahiyələrindən aldığı güllə yaralarından irəli gələn kəskin qanitirmədən keçinib.
Səhərisi gün qəsəbə sakini Güloğlan Abbasov könüllü 12-ci polis bölməsinə gələrək təslim olub və cinayətdə istifadə etdiyi tapançanı təhvil verib.
İş üzrə dindirilən Abbasov bildirib ki, Həsənovu uşaqlıqdan tanıyıb, qonşuluqda yaşasalar da nəsilləri arasında düşmənçilik olub. Belə ki, 1989-cu ildə Tofiq ov silahından atəş açaraq onun dayısı Nəcəf Abbasovu yaralayıb və buna görə bir neçə il müddətinə məhkum olunub, 92-ci ildə o azadlığa çıxaraq başladığı işini tamamlayıb və dayısını öldürüb. 2011-ci ildə Həsənovun oğlu Həsənpaşa xuliqanlıq niyyəti ilə dayısı oğlu Rüstəmi bıçaqlayaraq, yaralayıb.
2013-cü ilin mayında Güloğlan narkotik vasitələrin qəbuluna görə cəzasını çəkən zaman Tofiq digər dayısı Gülmurada atəş açıb, lakin güllə ona yox, qonşusunun kürəyinə dəyib. İyunun 28-də Güloğlan azadlığa çıxıb, qəsəbədə hər dəfə Tofiqlə rastlaşdıqda sonuncu onu davaya təhrik edib. Avqustun 27-də təsadüfən onu gördükdə, Həsənov öz üstünlüyünü nümayiş etdirərək, dayısını öldürdüyünü bildirib və ailə üzvlərinin ünvanına söyüş söyüb. Sonra əlini belinə atıb tapançanı çıxarmaq istəyib, amma həmin an Abbasov əlindən tutduğu üçün silah yerə düşüb və Güloğlan tapançanı cəld götürərək Tofiqə tuşlayıb. Sonuncu qaçarkən ona xəbərdarlıq edib ki, əgər silahı götürməsə onu öldürəcək. Evə qayıdandan sonra, Güloğlan bu barədə heç kimə danışmayıb və silahı belində gəzdirib.
Ayın 29-da axşam Abbasov Həsənovla qəsəbədə, kompüter salonunun yanında rastlaşıb, sonuncu onu görən kimi söyməyə başlayıb və tapançanı geri tələb edib. Buna görə Güloğlan silahı çıxarıb ona yaxınlaşıb və ardıcıllıqla baş və bədən nahiyələrinə atəşlər açıb, Tofiq yerə yıxıldıqda daha bir-iki güllə onun baş nahiyəsinə atıb. Oradan qaçarkən ara yolda dayısıoğlu Rüstəmlə rastlaşıb və ona Tofiqi öldürdüyünü deyib. Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında gecələyəndən sonra, səhərisi gün polis bölməsinə gedib.
DİN-dən alınan tələbnaməyə əsasən, 2010-cu və 2012-ci illərdə Güloğlan Abbasov Sabunçu rayon məhkəməsinin hökmləri ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, ümumilikdə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkəmə prosesində G.Abbasov özünü qismən təqsirli hesab edərək, Tofiq Həsənovu özünümüdafiə məqsədi ilə öldürdüyünü qeyd edib. Onun sözlərinə görə, əgər o öldürməsəydi, sonuncu onu gec-tez vuracaqdı.
Zərərçəkən Rafiq Rəhimov bildirib ki, həmin axşam Tofiq evdən çörək almaq üçün çıxıb, təxminən 5 dəqiqədən sonra o küçədən atəş səsləri eşidib. Çölə çıxdıqda qardaşını yıxılmış, özü və ətrafı qana bulaşmış vəziyyətdə görüb, Tofiqi 3 saylı kliniki xəstəxanaya çatdıranda həkim artıq onun öldüyünü deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Güloğlan Abbasov cəzasının yüngülləşdirilməsi məqsədi ilə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işə baxaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az