Qaraçuxur məscidində baş verən yanğının bəzi detalları məlum olub. Yanğına aidiyyatı olan iki nəfər taksi sürücüsünü öldürməklə hədələyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsində bildiriblər.
Xatırladaq ki, noyabrın 26-da saat 02.30-da naməlum şəxslər məscidin əsas zalına içində alışan maye olan şüşə atıblar. Nəticədə alışma baş verib. Məscidin xalça örtüyü zədələnib, yanğın nəticəsində zərər çəkən olmayıb.
Bununla yanaşı məlum olub ki, noyabrın 26-da səhər saat 6.00 radələrində polis idarəsinə Bakı sakini 26 yaşlı Samir Yusifov müraciət edib.
Yusifov ifadə verib ki, 02.30-da A.Mehbalıyev küçəsində “Turan” şadlıq sarayının yaxınlığında onun, özəl sərnişindaşıma ilə məşğul olduğu “Mercedes” markalı maşınına iki nəfər əyləşib.
Onlar sürücünün Qaraçuxur məscidinə sürməyini istəyiblər. Məscidin yanında sərnişinlərdən biri enib və məscidə tərəf yollanıb, digəri isə taksidə qalıb.
Bir neçə dəqiqə sonra sərnişin geri qayıdıb və sürücünün boğazına bıçaq dayayaraq Bakıxanov qəsəbəsinə sürməyini əmr edib. Hər iki cinayətkar orada düşüb.
Bundan başqa rayonun 32-ci polis bölməsinə məscidin qarovulçusu Zülfüqar Hacıyev müraciət edərək cinayətkarların 30-35 yaşlarında olduğunu bildirib.
Onlardan biri məscidin pəncərəsinin şüşəsini sındırıb namaz zalına içində benzin olan şüşəni atıb və yandırıb.
Məlumdur ki, əməliyyatçılar tərəfindən axtarılan şəxslərin fotorobotları təşkil edilib.
Fakt üzrə istintaq davam edir.