Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Oqtay Cəfərovun (1962-ci il təv.) CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 237-ci (qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 1-də Pirallahı rayonunun Gürgən qəsəbəsində Oqtay Cəfərov qardaşı oğlunu öldürməyə cəhd edib. Belə ki, əvvəllər məhkum olunan şəxs sərxoş vəziyyətdə, xuliqanlıq niyyəti ilə müvafiq icazəsi olmayan ov tüfəngi ilə qardaşı oğlu Niyazi Cəfərovu (1982-ci il təv.) güllələyib. Nəticədə baş nahiyəsindən xəsarət alan sonuncu 3 saylı Kliniki şəhər xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat nəticəsində sağ qalıb. Həmin gün şübhəli şəxs Pirallahı RPŞ əməkdaşları tərəfindən saxlanılıb, onun evinə baxış zamanı 437 qram marixuana aşkar edilib.
Dindirmə zamanı o narkotik vasitəni heç kimdən almadığını, onu həyətində əkib-bəcərdiyi çətənə kollarından əldə etdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək onun cəzasının ağırlaşdırılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Oqtay Cəfərovun cəzasının ağırlaşdırılması ilə bağlı prokurorluğun protesti qismən təmin edilib, təqsirləndirilən şəxsin cəzası 7 ay artırılmaqla ona qəti olaraq 10 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
C.H.
www.oxu.az