Azərbaycan və Türkiyə vətəndaşları Vnukovo gömrüyünün əməkdaşları ilə birgə Rusiya ərazisinə Türkiyədən kommersiya malları keçiriblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vnukovo aeroportunda türk mallarının gömrükdən yan keçərək ölkə ərazisinə gətirilməsi sxeminin üstü açılıb.
Moskva regionlararası istintaq idarəsinin əməkdaşları tərəfindən Vnukovo gömrüyünün əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə etmələri faktı üzrə istintaqdan öncə yoxlama təşkil edilib.
Hüquq-mühafizə orqanı nümayəndələrinin sözlərinə görə, martın 4-də Vnukovo aeroportunda İstanbul-Moskva reysi ilə gələn kommersiya tərkibli baqajı olan 16 sərnişin saxlanılıb.
“İlkin məlumata görə, Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət mütəşəkkil etnik cinayətkar qrupun üzvləri Vnukovo gömrüyünün əməkdaşları ilə birgə Türkiyədən kommersiya yüklərinin Rusiya ərazisinə əl bağajı kimi gətirmirdilər. Qrupun tərkibinə 20 nəfərdən çox adam daxildir. Bütün daşınmalar Vnukovo aeroportuna gələn İstanbul-Moskva reysi ilə həyata keçirilirdi”, - nazirliyin saytında bildirilib.
Hər daşıyıcı uçuş zamanı, 100 kq yük ilə “yaşıl dəhlizə” yollanırdı. Ay ərzində 30 tona yaxın mal daşınıb.