Rusiya FTX (Federal Təhlükəsizlik Xidməti) beynəlxalq mütəşəkkil cinayətkar qrupun (MCQ) fəaliyyətinin qarşısının alınması barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu qrup Avropa İttifaqı ölkələri və Ukraynadan Rusiya Federasiyası ərazisinə silah çatdırılması kanallarının təşkili və qanunsuz silah alveri ilə məşğul olub.
“Bu ilin iyulunda Smolenskdə növbəti silah satışı zamanı kriminal biznesin iştirakçılarının bir hissəsi saxlanılıb, onlardan biri əvvəllər də məhkum olunmuş Azərbaycan vətəndaşıdır”, - bu barədə İnterfaks-a FTX-nin İƏM-dən (İctimaiyyətlə Əlaqələr Mərkəzi) bildiriblər.
“Bununla yanaşı, FTX qeyd edir ki, ölkənin 12 regionunda cinayətkar qrupun 14 fəal üzvü saxlanılıb, onların arasında üç polis əməkdaşı var”.
FTX-nin İƏM-də bildiriblər ki, MCQ üzvləri öz cinayətkar əməllərini gizlətmək üçün saxta sənədlərdən, şəxsiyyət vəsiqələrindən, eləcə də nəqliyyat vasitələrinin qeydiyyat nişanlarından istifadə ediblər.
Xüsusi əməliyyat nəticəsində qanunsuz dövriyyədən 150 min ədəddən çox xarici və Rusiya istehsalı olan odlu silah (Kalaşnikov pulemyot və avtomatları, tapança-pulemyotlar, karabinlər, М-16, М-4 və G-3 tüfəngləri, “Qlok”, “Çezet”, “Dezertİql”, “Bereta” tapançaları, revolverlər, o cümlədən də səssiz atəş üçün vasitələr, qumbaraatan, 200 ədəd silahı hazırlamaq üçün dəstlər, 2,5 min müxtəlif kalibrli sursat və 10 kq partlayıcı maddə və detonatorlar) müsadirə edilib.
“Məhv etmə vasitələrinin hazırlanması və modernizasiyası üzrə dörd sex, eləcə də iki sursat istehsalı sexi ləğv edilib”, - FTX İƏM-dən bildirilib.
Rusiyanın FTX və DİN istintaq idarələrində cinayət işləri açılıb. Müsadirə edilmiş məhv etmə vasitələri texniki və ballistik ekspertizaya göndərilib. Əlavə olaraq, RF CM-nın 226.1-di maddəsi üzrə (silah qaçaqmalçılığı) işin açılmasına dair məsələ həll edilir.