Rusiyanın Voloqda vilayətində daxili işlər orqanlarının əməkdaşına rüşvət verməyə çalışan Azərbaycan vətəndaşına qarşı ittiham hökmü çıxarılıb, bu barədə Rusiyanın Volqoqrad vilayəti üzrə DİN İdarəsinin saytında məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, 2011-ci ilin noyabrında Voloqda-Novaya Ladoqa avtomobil yolunda Rusiyanın Ustyujinsk rayonunun Avtomobil müfəttişliyinin əməkdaşı xidməti zamanı Qazel markalı avtomobilin yol hərəkəti qaydalarını pozaraq hərəkət etdiyini görüb.
Nəqliyyat vasitəsini saxlayan dövlət müfəttişliyinin əməkdaşı özünü təqdim edib və sürücüdən sürücülük vəsiqəsini, maşının və daşınan yük üçün olan sənədləri təqdim etməyi xahiş edib.
Sürücü izah edib ki, ona məxsus olan metal tullantılarını Çerepovetsə aparır. Amma yük üçün heç bir sənəd təqdim edə bilməyib. Dövlət yol müfəttişliyinin inspektorları onu saxlayaraq, araşdırma üçün polis bölməsinə gətiriblər.
Bu, 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olub. Xidməti kabinetdə olan kişi metal tullantıların alınması və daşınmasına dair qanunları pozmaq məsuliyyətindən yaxa qurtarmaq üçün cinayət-axtarış əməkdaşının masasına 4 min rubl pul qoyub.
Polis ona təklif edilən rüşvətdən imtina edib və bu hadisə barədə dərhal rəhbərliyinə bildirib. Lazımi sənədlər tərtib edildikdən sonra şübhəli bilinən şəxs heç bir yerə getməmək barədə iltizam imzalayaraq buraxılıb.
Səhərisi gün kişi cinayət məsuliyyətindən yayınmaq üçün Rusiya Federasiyasını tərk edərək Azərbaycan respublikasına qayıdıb. Bundan sonra o, federal axtarışa verilib.
2015-ci ilin iyun ayında ittiham edilən şəxs Rusiya Federasiyasının sərhəddini keçməyə çalışarkən saxlanılaraq daxili işlər orqanlarına təhvil verilib. İstintaqın iddiası ilə nəzarət altına alınıb.
Məhkəmə iclası zamanı isə ona qarşı irəli sürülən ittihamlarda nəzərdə tutulan cinayətləri törətdiyini etiraf edib və günahını boynuna alıb. Ustyujinsk rayon məhkəməsi Azərbaycan respublikasının vətəndaşını təqsirkar bilərək cəza şəklində onu 8 min rubl (750 dollar) məbləğində cərimə edib.