Tümenin Kalinin rayon məhkəməsi satmaq üçün 2 kiloqram həşiş hazırlayan Surqut sakini Bəxtiyar Astanov, həmçinin Azərbaycan vətəndaşları Azad Mirzəyev və Xanoğlan Nurəliyevə qarşı cinayət işi üzrə qərar çıxarıb.
Oxu.Az Rusiya Baş prokurorluğunun saytına istinadən xəbər verir ki, Astanov və Mirzəyev narkotik vasitələrin hazırlanması və satışı üzrə günahkar biliniblər.
Nurəliyev iri həcmdə narkotik vasitələrin saxlanılmsında günahkar bilinib.
Məlumata görə, 2014-cü ilin dekabrında Astanov Tümendə həşiş satışı ilə məşğul olmaq qərarına gəlib. Cinayəti törətmək üçün o, tanışları Xabarovsk vilayəti ərazisində yaşayan Nurəliyev və Tümendə yaşayan Mirzəyevi də bu işə cəlb edib.
Nurəliyev Astanovun göstərişi ilə 2015-ci ilin yanvar ayında Xabarovskda narkotik alverçilərindən təqribən 2,3 kiloqram həşiş alıb və narkotik maddəni avtomobilində gizlədərək Tümenə gətirib. Burada onu Mirzəyevə verib və o da narkotik maddəni satmaq üçün mənzilinə gətirməli idi.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı xüsusi tədbirlər nəticəsində Mirzəyev saxlanılıb və həşiş müsadirə edilib. Qısa müddət ərzində Astanov və Nurəliyev də saxlanılıb.
Məhkəmənin qərarı ilə onların hər üçü ayrılıqda 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Astanov və Mirzəyev cəzalarını ciddi rejimli, Nurəliyev isə ümumi rejimli koloniyada çəkəcəklər.
www.oxu.az