Üç nəfər Azərbaycan vətəndaşı və Özbəkistandan gələn bir nəfər Moskva ətrafı Domodedovda baş verən davadan sonra xəstəxanaya düşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya DİN məlumat xidmətindən bildiriblər.
“Çərşənbə axşamı gecə saat iki radələrində Moskva ətrafı Domodedovo rayonunda Sonino kəndində yerli mağazanın yaxınlığında təxminən on nəfərin iştirakı ilə dava düşüb. Nəticədə aralarında yetkinlik yaşına çatmayan bir nəfər olmaqla, üç Azərbaycan vətəndaşı, eləcə də Özbəkistan vətəndaşı xəstəxanaya yatırılıb”, - mətbuat xidmətinin əməkdaşı deyib.
O əlavə edib ki, Orta Asiyadan olan zərərçəkən daha ağır yaralar alıb, o hələ də özünə gəlməyib. Qalan zərərçəkənlər isə naməlum şəxslərlə mübahisələri düşdüyünü, sonradan bu mübahisənin davaya çevrildiyini bildiriblər. Davada bıçaqdan istifadə edilib, hücum edən beş-altı nəfər sonradan hadisə yerindən qaçıblar.