Dünən Moskvanın ən varlı rayonlarından birində Vaqif Bakinski kimi tanınan azərbaycanlı “vor zakon” Vaqif Süleymanovu həbs ediblər.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.
Dünən Rusiya DİN-nin Mərkəzi Federal Dairə üzrə Baş İdarəsinin əməkdaşları Odintsovo rayonunda 48 yaşlı Vaqif Süleymanovu zorakılıqda şübhəli bilərək həbs edib.
Onu Moskvanın Rublyovo-Uspensk şossesindəki elit Jukovka qəsəbəsində yerləşdirilmiş “Podmoskovnıe veçera” restoranında tutublar.
Üzərinə baxış keçirilərkən Vaqifdən bir sahibkarın ilkin ödəniş kimi ona verdiyi 116 min rubl pul aşkarlanıb. Əldə olunmuş məlumatlara görə, ümumilikdə “vor zakon” sahibkardan 18 milyon rubl (yarım milyon dollar) pul istəyib. Vaqiflə birlikdə onun köməkçisi, Gürcüstan sakini tutulub. Sonuncunun üzərində naqan tipli tapança aşkarlanıb.
Qeyd edək ki, dəfələrlə həbs olunmuş Vaqif Süleymanov bu ilin iyulunda Yeletsk şəhər məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Məhkəmə Rusiya Cinayət Məcəlləsinə edilmiş yeni dəyişikliklərlə əlaqədar onun cəzasını azaldıb. Heroin saxlamaq üstündə Moskvanın Nikulinsk rayon məhkəməsi tərəfindən üç il yarım azadlıqdan məhrum edilmiş Vaqif cəmi iki il həbsdə qalıb.
www.oxu.az