Hüquq mühafizə orqanları “Rüfət Gəncinski” ləqəbli Ulfət Tağıyevi saxlayıblar. O, Lyublinsk bazarının həmtəsisçisi Elham Əliyev və komersant İlham Əliyevin ölümündə şübhəli bilinir.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, dindirilmə zamanı gözlənilmədən aydın olub ki, saxlanılan şəxs “Ded Xasan”ın qətli barədə də informasiyaya malikdir.
O cümlədən kişi etiraf edib ki, 2013-cü ilin yanvar ayının 16-da sui-qəsd zamanı qatilin hadisə yerindən uzaqlaşma marşrutunu da məhz o hazırlayıb.
“Tağıyev Moskvanın cənub-şərqində bazarın həmsahibinin qətli üzrə istintaqa cəlb edilib. Dindirilmə zamanı 2013-cü ildə “Ded Xasan”ın güllələnməsində də iştirak etdiyini etiraf edib. O, qatilin məsləhətçisi və kuratoru olub”, - hüquq-mühafizə orqanlarında mənbə bildirib.
Tağıyev uzun müddət digər bir qanuni oğru, “Ded Xasan”ın əsas düşməni olan Rövşən Lənkəranskinin qrupunda “ştatda olan” qatil idi.
“Rüfət Gəncinski Aslan Usoyanın qətlinin təşkilatçısı və ya sifarişçisi olmasını təkzib edib. Onun sözlərinə görə, tanışları sadəcə qatilin cinayətə gediş-gəliş marşrutunu tərtib etməyi xahiş ediblər. O, sifarişçilərin adlarını deməkdən imtina edib”, - mənbə dəqiqləşdirib.
Xatırladaq ki, kriminal avtoritetin qətli 2013-cü ilin yanvar ayının 16-da Povarski küçəsində “Starıy faeton” restoranının yaxınlığında baş verib.
Qatil “Ded Xasan”a yalnız bir atəş açıb, güllə qurbanın başından dəyib. Yaralını maşına qoyub, Botkinsk xəstəxanasına aparıblar, onu bu xəstəxanada iki il əvvəl baş vermiş sui-qəsddən sonra xilas edə bilmişdilər. Amma bu dəfə həkimlər gücsüz idilər. Saat 14:20-də həkimlər onun öldüyünü qeydə alıblar.
Müstəntiqlər müəyyən ediblər ki, qatil fəhlə paltarında olub, “Starıy faeton” restoranı ilə üzbəüz olan yaşayış binasının girişində olub. Bununla yanaşı mütəxəssislərin fikrincə məhz qatil tərəfindən cinayət yerində qalan ovuc izi tapıblar.