Tümendə azərbaycanlılara məxsus “Bakı” restoranında başlayan mübahisə iki nəfərin ölümü ilə nəticələnib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Rusiyanın Tümen vilayətində kafedə düşən dava nəticəsində iki yaralı 2 nömrəli vilayət xəstəxanasına aparılıb.
Tanışlarından birinin maşını ilə xəstəxanaya çatdırılan birinci yaralı - Azərbaycan vətəndaşı Ataş Qurbanov xəstəxananın qəbul şöbəsində keçinib.
Onun ardınca təcili yardım maşınında ikinci yaralı xəstəxanaya gətirilib. Bu vaxt ölən Ataşın 30 nəfərə yaxın qohumu birbaşa xəstəxananın foyesində ikinci yaralıya hücum edərək onu döyüblər, daha sonra çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetiriblər.
Verilən məlumatlara görə, həmin şəxs Gürcüstandan olan azərbaycanlıdır. Ehtimal edilir ki, A.Qurbanovu bıçaqlayan şəxs o olub. Ataş Qurbanov isə Şəmkir rayonundandır.
Tümen hüquq-mühafizə orqanları cinayətlə bağlı araşdırmaya başlayıb.