Permdə əslən Azərbaycandan olan 32 və 41 yaşlı iki nəfər müttəhimlər kürsüsündə əyləşiblər, onlar bir sıra cinayətlərin törədilməsində ittiham edilirlər, bu cinayətlər uzun müddət açılmamış qalıb, rifey.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, istintaqın versiyasına görə, azərbaycanlılar qarət, yanğın, adam döymək, qətl, qanunsuz silah və sursat saxlamaq və bir sıra hüquq pozuntuları törətməkdə ittiham edilirlər.
Müttəhimlərin ittiham olunduğu cinayətlər 2013-cü ildə törədilib. Belə ki, 2013-cü ilin aprel ayında 32 yaşlı kişi öz əlbirləri ilə Nıtvin rayonunda taxta emalı sexinə hücum edib. Hücum zamanı cinayətkarlar mühafizəçini öldürüblər, mühafizə köşkünü və avtomobili yandırıblar. Quldurun əlbirlərinə qarşı cinayət işi ayrıca iş kimi aparılır, bunu Perm vilayətinin Rusiya İstintaq Komissiyasının İstintaq İdarəsindən bildiriblər.
Sentyabrda müttəhim və onun 41 yaşlı tanışı Sverdlovsk rayonunda kafelərin birində sərxoş halda dava salıblar. Qonaqlardan birini davaya sövq edərək, onu vəhşicəsinə döyüblər. Bununla yanaşı onlar zərərçəkənin maşınını da zədələyiblər.
Dekabrda içkili olan cinayətkar, yaxından tanımadığı 38 yaşlı kişiyə üç dəfə atəş açıb. Cinayət Çernuşinsk rayonunun heyvandarlıq müəssisəsində baş verib. Zərərçəkən aldığı yaralardan ölüb.
Cinayət işinin materialları 9 cilddən ibarət olub. İstintaq başa çatıb və təsdiqlənmiş ittiham çıxarışı ilə məhkəməyə göndərilib.