Lisenziyası ləğv edilmiş "Texnikabank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Bakı" filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrlik etdiyi prosesdə İslam Yusifov zərərçəkmiş Gündüz Soltanzadənin epizodu üzrə ifadə verib.
Onun sözlərinə görə, zərərçəkmişlə yaxın münasibətləri olub və onların arasında olan məsələ mülki xarakter daşıyıb. Qeyd edib ki, Gündüz Soltanzadə pulu ola sələmə verib. Qeyd edib ki, Gündüz ona 200 min manat verib, 80 min faiz olub. Daha sonra bildirib ki, zərərçəkmiş sonra 308 min dollar ziyan çəkməsi ilə bağlı ərizə yazıb:
"Əvvəlki ərizələrində 200 min manat göstərib. Amma iki ildən sonra yadına düşüb ki, 308 min dollar ziyan çəkib. Mən onun pulunu qaytarmışam".
İslam Yusifov iddia edib ki, onun malı da var, mülkü də var, məhkəmənin sonunda bütün zərərçəkmişlərin pulunu ödəyəcək. O, yalnız zərərçəkmiş Gündüz Soltanzadənin pulunu ödəməyəcəyini deyib. İslam Yusifov dələduz olmadığını deyib.
Gündüz Soltanzadə bildirib ki, İslam Yusifov yalan danışır. Onun sözlərinə görə, təqsirləndirilən şəxsə pul verib:
"Əvvəl ona 200 min manat vermişəm. Sonra həmin pulu mənə qaytarıb. Daha sonra şirkəti var idi, ziyana düşmüşdü. Sonra biz görüşdük. Atası da yanımızda idi. İslam dedi ki, tender götürmək lazımdır, pul lazımdır. Həmin tenderlə əlaqəli olaraq orta məktəb tikintisi var idi. Mən də 300 min dollardan çox pulu ona verdim. Həmin pulun hamısı mənim deyil. Borc götürərək vermişəm. 4 ildə mənə 10 manat ödəniş etməyib. Mənə dəymiş ziyan çoxdur. Amma 308 min dollar ziyan çəkmişəm, həmin məbləği də istəyirəm. Bu ziyanın sübutu olaraq səsyazıları da var, həmin sübutları istintaqa təqdim etmişəm. İslam da bunu təsdiq edib. Səsyazıları arasında verilən pulların rəqəmləri var. Səsyazılarını özüm yazmışam ki, gələcəkdə almağa sübutlarım olsun".
İslam Yusifov bildirib ki, zərərçəkmiş Kənan Əsgərov onun evini almağa gəlib, həm evi, həm də maşının satılması üçün 55 min manat beh verib, sonradan evinin üstünə həbs qoyulub, evi satıb pulunu qaytara bilməyib.
Daha sonra zərərçəkmiş Kənan Əsgərov ifadə verib. Bildirib ki, satılması təşkil olunan ev İslam Yusifovun yox, başqasına məxsus olub. Zərərçəkmiş ona 275 min manat ziyan verdiyini deyib. O, İslam Yusifovdan şikayətçi olduğunu bildirib.
Digər zərərçəkmiş Rəşad Qasımov ifadə verib. Bildirib ki, İlham Abbasov vasitəsilə İslam Yusifovu tanıyıb:
"Obyekt alırdım, ona 10 min manat beh verdim. Sonra hissə-hissə olmaqla ödəniş etdim. Dedi ki, obyekti satmışam, şadlıq evi var. Onu satıb pulumu verəcək. Mənə 55 min manat ziyan dəymişdi. 15 min manat ödəniş ediblər, 40 min manatı da tələb edirəm".
Növbəti proses dekabrın 9-na təyin edilib.
İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Məhkumluğunu ödəməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.
İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafiq Həsənovun oğlu Həsən Həsənovu Prezident Administrasiyasında hüquq şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.
İslam Yusifov Kənan Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib. Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "iPhone" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.
Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rauf Məmmədova məxsus evi satacağı adı ilə aldadaraq 75 min manatını ələ keçirib.
İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.
İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.
İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.
Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.
Elgün Həsənli