Sabiq deputat Əsabil Qasımova məxsus olan "Azər-Tikinti" MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkətin Bakı şəhər Azadlıq prospekti, 40 və 42 ünvanlarında yerləşən, ikimərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib. Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.
İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.
Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.
Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub.