Hüquq-mühafizə orqanları bu ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 598 cinayət faktı aşkarlayıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Həmin faktlardan 2 659-u narkotik vasitələrin qanunsuz satışı, 4 649-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 260-ı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 722 kq 686,454 qr-nı heroin, 3 ton 349 kq 422,948 qr-nı marixuana, 236 kq 905,361 qr-nı tiryək, 50 kq 988,844 qr-nı həşiş, 750,831 qr-nı kokain, 318 kq 741,409 qr-nı psixotrop maddələr, 125 kq 042,665 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 47 726 ədəd həb metadon, 14 164 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7 703 ədəd kapsul, 3 308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 407,6 hektar sahədən çəkisi 257 ton 546 kq 610,98 qr olan 869 387 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 721 nəfər cəlb edilib, onlardan 57 nəfəri xarici ölkə vətəndaşıdır.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 191 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 531 kq 325,919 qr və 47 726 ədəd həb metadon narkotik vasitələr və 7 631 ədəd kapsul, 3 128 ədəd həb və 12,95 qr güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 205-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 645 kq 485,666 qr və 580 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilib. 2 127 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 221 kq 409,6 müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Bu ilin yanvar-avqust ayları ərzində qanunsuz dövriyyədən götürülən 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 235 milyon 195 min manat kimi qiymətləndirilir
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 158, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 55, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 237, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 9 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 309 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 394 kq 118,472 qr artıb.
Digər növ cinayət faktların sayı 42, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 92, qrup halında olan cinayətlərin sayı isə 45 fakt azalıb.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 59 393 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1731 nəfərindən 956-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Rəylər