Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sevgilisinin evindən 210 minlik oğurluq edən və əmlakını yandıran qadın azadlığa buraxıldı
İsmayıllıda külli miqdarda oğurluqda və əmlakı qəsdən məhvetmə və ya zədələmədə təqsirləndirilən Sona Abdullayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Sona Abdullayevaya şərti cəza verilib. Qadın dərhal Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunub.
İttihama görə, Sona Abdullayeva özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq edib və özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv edib.
Belə ki, təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş S.Qasımovun ona laqeyd münasibət bəslədiyinə görə, həmin şəxsdən qisas almaq üçün pul və qızıl-zinət əşyalarını gizli talamaqla, daha sonra isə həmin cinayətin izini gizlətmək məqsədilə daşınmaz əmlakını içindəki əşyalarla birlikdə məhv etməklə qəsdən cinayət törətmək qərarına gəlib. O, 21 aprel 2022-ci il tarixdə, saat 10 radələrində zərərçəkmiş şəxsə məxsus İsmayıllı şəhəri, V.Osmanov küçəsində yerləşən mənzilin yataq otağından ümumilikdə 209 325 manat dəyərində oğurluq edib. Bundan dərhal sonra Sona Abdullayeva törətdiyi oğurluq cinayətinin izini gizlətmək üçün mənzilin otağını yandıraraq, S.Qasımova ümumilikdə 8 588 manat ziyan vurub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi isə təmin etməyib.
Rəylər