Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tələbənin ölümündə cavabdeh kimdir? - Məhkəmə ekspertizasının rəyi məlum oldu
Nəhayət ki, hadisədən dörd ay sonra BDU tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın ölümünün səbəbi məlum olub. Martın 18-də tələbənin atası Faiq Xasmətov Bakı şəhər prokurorluğuna dəvət olunub, orada məhkəmə tibbi ekspertizanın hesabatı ilə tanış edilib: “...Ş.Xasmətova divardakı çatdan daxil olan dəm qazından zəhərlənmə nəticəsində ölüb”.
Bu barədə F.Xasmətov Oxu.Az-a məlumat verib. O, qızının, həmçinin zəhərlənmiş, lakin sağ qalan digər tələbələrin cinayətkar səhlənkarlığın qurbanı olduğunu vurğulayıb.
Ekspert rəyi BDU-nun Mətbuat prospektində yerləşən yataqxanasında 20-21 noyabr tarixlərində baş verən hadisəyə nəinki aydınlıq gətirdi, eyni zamanda bir sıra dövlət qurumlarının fəaliyyətində ciddi nöqsanların olduğunu aşkarladı.
Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra evə buraxılıblar.
Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloqanatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların naməlum toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.
Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İndi isə zəhərlənmənin dəqiq səbəbi məlum olub – dəm qazı. Ümid edirik ki, faktın araşdırılması obyektiv olacaq, günahkarların hərəkətləri düzgün qiymətləndiriləcək. Əks təqdirdə, faciə yenidən baş verə bilər...
“Hamı bilir ki, 20 noyabr axşamı tələbələr özlərini pis hiss edib və təcili yardım həkimlərini çağırıblar. Gələn həkimlər qızlara “dimedrol” iynəsi vurublar (bu sonradan qanda müəyyən edilmişdi) və onlara xəstəxanaya getməyi sadəcə təklif ediblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağını düşünərək, xəstəxanaya getməkdən imtina ediblər. Həkimlər isə onları xəstəxanaya aparmaq üçün israr etməyiblər, halbuki zəhərlənmənin səbəbini bilmirdilər. Növbəti səhər saat 11:00-da yenidən təcili yardım çağırılıb. Amma bu vaxt qızım artıq ölmüşdü”, - deyə ata bildirib.
Ekspertizanın rəyinə görə, “dimedrol” zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib, bunun nəticəsində Ş.Xasmətova ölüb.
Məlum olub ki, Ş.Xasmətovanın yatağı qazın sızdığı çatın yaxınlığında imiş.
“Ancaq düşünürəm ki, təkcə 20 noyabrda çağırışa gələn həkimlər deyil, həmçinin yataqxana administrasiyası, BDU rəhbərliyi, Yasamal rayonunun Qaz İdarəsi, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin ərazi üzrə bölməsi məsuliyyət daşımalıdır. Belə görünür ki, universitet rəhbərliyi heç vaxt bu yataqxanaya baş çəkməyib, əks halda, dəhşətə gələrdi. Tələbələrin yaşadığı yataqxananın şəraiti, yumşaq desək, dəhşətlidir. Burada kasıb ailələrdən olan tələbələr yaşayır. Şərait acınacaqlıdır, illərdir bu divarlar hətta yüngül təmir belə görməyib”, - deyə mərhumun atası qəzəblə bildirib.
Qeyd edək ki, binalarda qaz cihazlarının təhlükəsizliyi ayda bir dəfə müvafiq xidmətlər tərəfindən yoxlanılmalıdır.
Qızın ölümündə yataqxananın rəhbərliyinin də az təqsiri yoxdur. O, tələbələr üçün bütün təhlükəsizlik tədbirlərini görməli idi. Digər tələbələrin belə bir vəziyyətdə necə sağ qaldığı təəccüblüdür.
Qeyd edək ki, zərərçəkmiş tərəfin maraqlarını tanınmış vəkil Türkel Süleymanlı müdafiə edir.
Ramella İbrahimxəlilova
Rəylər