Türkiyədə keçmiş əri azərbaycanlı qadını vəhşicəsinə döyüb.
Oxu.Az xəbər verir ki, zorakılığa məruz qalan 29 yaşlı Azərbaycan əsilli Türkiyə vətəndaşı Elmira A.-dır.
O, 9 il əvvəl tanış olub, ailə qurduğu keçmiş əri A.H.D. ilə Siirt şəhərində yaşayıb, bu nikahdan 2 övladları dünyaya gəlib.
Lakin uşaqların dünyaya gəlməsindən sonra ərindən zorakı münasibət görən Elmira boşanmaq qərarına gəlib.
Ərindən ayrılan qadın Antalyaya gələrək, burada yaşamağa başlayıb.
Lakin oktyabrın 22-də keçmiş əri gizlicə evə daxil olaraq, qadını öldürməklə hədələyib, onun qolunu qırıb, ağır bədən xəsarətləri yetirib.
Jurnalistlərə danışan Elmira deyib ki, əvvəllər əri ona çox yaxşı münasibət bəsləyib, lakin sonradan xəyanətdə ittiham edib.
“Belə şey qətiyyən olmayıb, mən elə bir ailədə böyüməmişəm. Atam sağ olsaydı, bu günlərə düşməzdim. Mənə yiyə duracaq bir adam yoxdur”, - deyə, qadın danışıb.
Elmira həmçinin bildirib ki, ərindən ayrılmaq üçün iki övladının onunla qalmasına razılıq verib:
“Uşaqlarımdan ondan canımı qurtarmaq üçün imtina etdim. Bu çox çətin bir qərar idi. Bir ana üçün nə qədər çətin qərar olduğunu izah edə bilmərəm. Mənə qarşı zorakılıq edir və gülür. Deyir ki, mənə heç nə olmaz. Sadəcə xəbərdarlıq olacaq, o, da 2-3 min türk lirəsi edər, ödəyərəm”.
Ötən günlərdə övladlarını görmək üçün Batmana getdiyini deyən burada zorakılığa məruz qaldığını bildirib.
“Mənimlə danışmaq istədiyini dedi. Daha sonra vurmağa başladı. Mənimlə əxlaqsız qadınlar kimi danışmağa başladı, “özünü neçəyə satırsan” dedi. Döyərkən oğlum gəldi və atasına “anamı vurma, yoxsa səni öldürərəm” dedi. O qədər döydü ki, huşum özümdən getdi”, - deyə, qadın bildirib.
Onun sözlərinə görə, ötən çərşənbə günü keçmiş əri gizlicə evə daxil olub:
“Hər dəfə qapımı üç dəfə bağlayıram. İçəri girəndə istifadə etmədiyim otağın açıq olduğunu gördüm. Otağa girəndə arxamdan nəfəs hiss etdim. Geri dönəndə keçmiş ərimi gördüm, heç qışqırmağa macal tapmadım. O məni vurdu, özümdən getdim. Ayılanda divanın üzərində idim, əllərim, ayaqlarım və ağzım bağlı idi. Mən başa düşmürəm, polis necə onu həbs etmir.
Ölməyimi gözləyirlər? Polis gəlməsə idi, doğurdan da öləcəkdim. Sağ olsunlar qonşular, iki saatdan bir gəlib mənə baş çəkirlər. “Səni öldürməyə gəldim. Telefonuma proqram yazmışam və indi Batmanda olduğum yazılır. Mənim burada olduğumu heç kim sübut edə bilməz”, - deyə, keçmiş ərim dedi. Artıq qorxudan bıçaqla yatıram
Hazırda gənc qadın keçmiş ərinin əməllərinin cəzasını çəkməyini gözləyir.