Lvovda yol polisinin qətlində şübhəli bilinənlər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrinform-un müxbirinə DİN əyalət idarəsinin rəhbəri Dmitri Zaqariya bildirib.
“Bizə, 26 yaşlı DAİ əməkdaşının qətlində şübhəli bilinənləri axtarıb tapmaq və saxlamaq üçün bir sutkadan az vaxt lazım oldu. Bu Lvova qazanc dalınca gələn Azərbaycan vətəndaşlarıdır. Onlardan ikisinin 23, birinin isə 21 yaşı var. Hamısı qohumdur”.
Həmin faciəvi gecə “qonaqlar” şəhərin gecə kafelərindən birində əylənirdilər. Özlərini qeyri-adekvat aparırdılar, bərkdən qeyri-etik ifadələr işlədirdilər. Qonşu stolda oturan milis onlara yaxınlaşıb, özünü təqdim etdikdən sonra onlara xəbərdarlıq edib. Sonradan yumruqların işə düşdüyü söz davası başlayıb. Dava küçədə davam edib. Həmin an qafqazlıların yanında olan qadın hər şeyi kameraya çəkirmiş”, - Zaqariya qeyd edib.
Onun sözlərinə görə hüquq mühafizəçisi aldığı yaralardan təcili yardım maşınında keçinib.
Hüquq mühafizəçiləri isti izlərlə Sixov rayonunda kirayə qaldıqları çoxmərtəbəli evdə onları həbs edib.
Cinayətkarları tapmaqda “Stoit-1” və “Stoit-700” ictimai təşkilatın könüllüləri yardım edib. Hal-hazırda şübhəlilərə qarşı ittiham hazırlanır.