Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vilyam Hacıyevin məhkəməsində ŞOK ETİRAF: “Hər ay 140 nəfərin maaşı ona çatırdı” - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesində İmişli rayonunda üç məktəb binasının tikintisini həyata keçirən "Kristal-2” MMC-nin direktoru Elimad İsmayılov da ifadə verib.
APA-nın məlumatına görə, şahid deyib ki, onun şirkətinə həvalə olunmuş hər bir işə görə ayrılmış vəsaitin müəyyən faizi İcra Hakimiyyətinə çatıb:
“2012-ci ildə rayon kəndlərinin birində məktəb tikintisi aparırdıq. Həmin vaxt Vilyam Hacıyev icra başçısı təyin olundu. Üstündən bir qədər keçəndən sonra İcra Hakimiyyətindən ismarış gəldi ki, işləri dayandır. İcra başçının köməkçisi ilə danışdıqdan sonra razılaşdıq ki, tikinti üçün ayrılan 900 min vəsaitin 20 faizini onlara verim. Sonradan Cəfərli məktəbinin tikintisini də bizə həvalə etdilər. Eyni qaydada buradan da ayrılan 1 milyon 600 min manatın 184 min manatını rüşvət kimi verdim”.
Şahid əlavə edib ki, Vilyam Hacıyevlə yaxşı münasibəti olduğu üçün sonradan rayonda beşmərtəbəli bina tikintisi işini də onun şirkəti aparıb: “Vilyam Hacıyev bir dəfə məndən xahiş etdi ki, Hacıbabalı kəndində məktəb tikintisi yarımçıq qalıb, onu bitir, sonra əvəzləşərik. Mən işə qoşulanda ayrılmış vəsaitdən cəmi 440 min manat qalmışdı. Cibimdən də pul qoyub işi bitirdim. Bundan sonra beşmərtəbəli yaşayış binasını tikdik. İcradan dedilər ki, bu iş üçün ayrılan vəsaitdən 2 milyon 400 min manat pul xərclənməlidir. Buna görə də domofon qoymurduq, materialları aşağı qiymətə alırdıq”.
Vəkilin “Gördüyünüz işlərin sonu olmadığını bildinizmi?” sualına şahid: “Dərk edirdim ki, bu, qanunsuzdur”, - deyə cavab verib.
Daha sonra şahid qismində İmişli Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Hüseyn İbrahimov dindirilib. Şahid cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Dost İş Mərkəzi ilə bağlı epizod üzrə danışıb. O deyib ki, sözügedən mərkəzdə hər ay 140 nəfərin əməkhaqqı Vilyam Hacıyevə çatıb: “Həmin pulları banklardan mənim tanışlarım çıxarırdılar. Ümumilikdə 107 min 900 manat təşkil edən həmin vəsait baş mühasib Cəmil Musayevin əli ilə icra başçısına çatıb”.
İfadəyə münasibət bildirən Vilyam Hacıyev şahidi yalan danışmaqda ittiham edərək ondan nəyə görə şikayət etmədiyini soruşub.
İH başçısının müavini Vilyam Hacıyevin sualına: “Sizdən kimə şikayət etmək olardı ki?..” - deyə cavab verib.
Prosesdə ifadə verən şahid Həsən Hüseynov isə təsərrüfat işi görmək üçün icarəyə götürdüyü dörd hektar torpağa görə memarlıq şöbəsinin əməkdaşına 150-200 manat pul verdiyini deyib.
Vilyam Hacıyev isə ifadəyə belə cavab verib: “150-200 manat heç rüsum pulu deyil, o pula dörd hektar torpaq icarəyə vermək olar? Səni aldadıblar...” - deyə cavab verib.
Proses aprelin 15-də davam etdiriləcək.
12:54
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Cəsur Paşayev bildirib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında baş həkim işləyib, ayrı-ayrı illərdə İcra Hakimiyyətində ondan rüşvət alınıb.
“Vilyam Hacıyevə birbaşa rüşvət verməmişəm. İcra Hakimiyyətinin maliyyə şöbəsinin müdiri çağırıb rüşvət tələb edirdi. 2015-2018-ci illərdə müxtəlif məbləğlərdə rüşvət vermişəm. Bir dəfə Vilyam müəllimə dedim ki, maliyyə şöbəsinin müdiri pul tələb edir. O da heç nə demədi. Bundan sonra yenə eyni vəziyyət davam edir. Maliyyə şöbəsinin müdiri deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib.
Xəstəxananın təmirinə pul ayrılmışdı. Maliyyə şöbəsinin müdiri çağırıb dedi ki, vəsaitin 30 faizi İcra Hakimiyyətinə verilməlidir”, - deyə şahid bildirib.
Ehtiyatda olan zabit Vidadi Babayev bildirib ki, İmişlidə övladının beş qeyri-yaşayış sahəsi olub: “Orada obyekt tikmək üçün sərəncam istədim. Bunun üçün rayon icra hakimiyyətinə müraciət etdim. Məni memarlıq idarəsinə çağırdılar. Həmin müddətdə Vilyam Hacıyev məzuniyyətdə idi. Qonşum onlarla danışdı, gəldi ki, 1500 manat istəyirlər. Mən də pulu verdim qonşuya, apardı verdi, sərəncam aldı”.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
- Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR
- "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Dələduzluqda ittiham olunan qadına hökm oxundu
- Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"
Rəylər