Bakı Apellyasiya Məhkəməsində Sumqayıt ş. sakini Rühanə Şükürovanın (1976-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, Rühanə Şükürova Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində böyüyüb və yaşayıb, məktəb illərindən qadın bərbərliyinə maraq göstərdiyindən bu sənətə yiyələnib və qəsəbədə gözəllik salonunda işləyib.
2013-cü ildə o, yaşadığı evin yaxınlığında qalan 70 yaşlı Şəfiqə İbrahimova ilə tanış olub. Şəfiqə Rühanədən həftədə iki dəfə gəlib evdə ona xidmət göstərməsini xahiş edib, Ruhanə də razılaşıb. Tədricən aralarında yaxın münasibət yaranıb, rəfiqə olublar.
Şəfiqə Rühanəyə övladlarından da çox etibar edib. Günlərin birində qadın Rusiyaya getməli olduğunu və evdə olan 2000 dollar pulunu ona saxlamağa vermək istədiyini bildirib. Rühanə razılaşıb.
İbrahimova Rusiyadan qayıdanda Şükürovadan saxlamağa verdiyi pulları geri istəyib, lakin sonuncu onda pul olmadığını bildirib. Bundan sonra onların münasibətləri pozulub və Rühanə qadını öldürmək qərarına gəlib. İbrahimovanın evinə onun saçını rəngləmək və üzündəki tükləri almaq üçün gələn Şükürova arxadan qadına yaxınlaşaraq mətbəx bıçağı ilə ona zərbələr endirməyə başlayıb, daha sonra isə yerə yıxılan Şəfiqənin saçından tutaraq başını kəsib. Törətdiyi cinayətin izini itirmək məqsədi ilə Rühanə evi yandırıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürəndən sonra qadının meyiti aşkar edilib, əvvəl onun tüstüdən boğularaq ölməsi ehtimal olunsa da, ekspert onun üzərində deşilmiş-kəsilmiş yaraların olmasını müəyyən edib. Bu səbəbdən faktla bağlı şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şübhəli şəxs qismində bir neçə gündən sonra polis əməkdaşlarının əməliyyat tədbiri nəticəsində hadisəni törədən Rühanə Şükürova saxlanılaraq istintaqa təhvil verilib və o, törətdiyi cinayəti etiraf edib.
Məhkəmə prosesində R.Şükürova əməlindən peşman olduğunu bildirib. O, mərhuma məxsus pulu özünə götürmədiyini qeyd edib:
“Şəfiqə xanım 2000 dolları mənə saxlamağa verdi, mən də pulu alıb plaşımın cibinə qoydum. Evimə çatanda həmin pulların cibimdə olmadığını gördüm. İbrahimova Rusiyadan qayıdandan sonra başladı verdiyi pulu tələb etməyə. Mən ondan vaxt istəsəm də, o pulunu tez qaytarmağımı dedi”.
Təqsirləndirilən şəxs qadını pula görə öldürmədiyini bildirib.
Onun sözlərinə görə, Şəfiqə ona əxlaqsız təklif edərək yaxınlıq etmək istədiyini deyib, bu təklifdən sonra da o, özünü təhqir edilmiş hesab edərək qadını qətlə yetirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Rühanə Şükürova məntəqə tipli müəssisəyə keçirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə ərizə, dövlət ittihamçısı isə buna dair apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib, qərara əsasən təqsirləndirilən qadının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair qərar qəbul olunub.
C.H.
www.oxu.az