“Yeni Müsavat”-ın reportyoru Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində redaksiyanın yaxınlığında gözlənilməz hücuma məruz qalıb. Naməlum şəxslər qəfildən ona yaxınlaşıb və jurnalisti döyərək hadisə yerindən qaçıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə musavat.com-a xəbər verən F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçıları isə tanımır.
Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulub. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırıb.
Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir. Artıq internetdə həmin anın qeydə alındığı videogörüntülər yerləşdirilib. Bildirilir ki, videogörüntüləri jurnalistin avtomobilində yerləşən videoregistrator çəkib.
Əlavə məlumatlar veriləcək.