Sabunçu rayonu Maştağa qəsəbəsində 11-ci sinif şagirdi ağır cinayət hadisəsi törədib.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon polis idarəsində bildiriblər.
Məlum olub ki, 187 nömrəli məktəbin yanında Axund Şeyx Hüseyn küçəsində 1997-ci il təvəllüdlü Rəsulov Rüfət Musa oğlu, Lerik rayon sakini 1997-ci il təvəllüdlü Quliyev Elşən İlham oğluna kürəyindən beş bıçaq zərbəsi vurub.
İlkin istintaq zamanı məlum olub ki, cinayət törədilən zaman məktəblilər müəllim yanına hazırlığa gedirlərmiş. Yolda gənclər arasında mübahisə yaranıb, bu isə qanlı cinayətlə nəticələnib.
Hal-hazırda istintaq cinayətin motivini araşdırır. Quliyev xəstəxanaya yatırılıb, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.