Yevlax sakininə hədə-qorxu gələrək 15 min manat tələb edən şəxslər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 000 manat tələb etmələri də müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.