Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qaynını bıçaqlamaqda təqsirləndirilən Emin Zamanzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 8 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evlərin birinin qarşısında qeydə alınıb.
Belə ki, Emin Zamanzadə qaynı, zərərçəkmiş Həbib Mayılovla (şərti) yeyib-içib, sonra həyat yoldaşına bir neçə gün əvvəl yaşadıqları evə pay gətirilən konfetləri iş yerinə aparmasına irad tutub. Bu zaman zərərçəkmiş bacısına irad tutduğu üçün onu əli ilə sinəsindən itələyib. Emin də bundan əsəbiləşib və həyətində istifadə etdiyi bıçaqla Həbibin qarın nahiyəsinə qəsdən iki dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Emin Zamanzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Rəylər