Azərbaycanın ən ucaboy sakini Aqil Sadıqzadə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində, ən gödəkboylu sakini olan Nuşirəvan Rəhimov isə Yuxarı Aran kəndində yaşayır. Boylarındakı fərqlərə baxmayaraq Aqil ilə Nuşirəvan ayrılmaz dostlardır.
Oxu.Az xəbər verir ki, AzərTAc-ın müxbiri ilə söhbətində Aqil Sadıqzadə bildirib ki, boyu 220 santimetrdir. Dediyinə görə, boyunun ucalığına görə Azərbaycanda 1-ci, dünyada isə 3-cü yerdədir. 1990-cı ildə dünyaya gələn Aqilin boy artımı 18 yaşınadək normal olub. 18 yaşından sonra isə boyu sürətlə uzanıb.
Boyunun uca olmasının yaratdığı çətinliklərdən danışan A.Sadıqzadə bildirib ki, insanların ona münasibəti birmənalı deyil. Kimisi baxıb çəkinir, kimisi gülür, kimisi isə qayğı ilə yanaşır. O deyir: “Ən çox avtomobilə minəndə çətinlik çəkirəm. Çox istərdim ki, özümə uyğun avtomobilim olsun. Geyimlərimdə də problemlər yaşayıram. Paltarlarımı xüsusi dərziyə tikdirirəm. Ayaq quruluşum da fərqlidir. Ayaqlarımın müalicəyə ehtiyacı var”.
1986-cı ildə anadan olan Nuşirəvan Rəhimovun boyunun hündürlüyü isə 120 santimetrdir. O isə özünü ölkədə ən kiçikboylu insan hesab edir. N.Rəhimov deyir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında təhsil alıb. Boyunun bəstə olmasına görə heç bir sıxıntı keçirmir. Yalnız onurğasındakı problem onu narahat edir. İnsanlar həmişə ona maraqla baxırlar. Xüsusən Aqillə bir yerdə olanda daha maraqlı görünürlər.
Bu iki insanı bir-birindən fərqləndirməyən xüsusiyyət teatra olan həvəsləridir. Hər ikisi Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin xalq teatrında aktyor işləyir. Rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər. Fərqli boylarına görə başqa işlə məşğul ola bilməyən Aqillə Nuşirəvan incəsənət sahəsində müxtəlif layihələrdə iştirak etmək, filmlərə çəkilmək arzusundadırlar.

E.Ə.
www.oxu.az