Amerikanın Arizona ştatında doqquzyaşlı qız, ona odlu silahdan istifadə qaydalarını başa salan atış üzrə təlimatçısını təsadüfən güllələyib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qız “Uzi” tapança-pulemyotu əlinə alaraq hədəfə atəş açmağa başlayıb, amma elə ilk atəşdən güclü müqavimətə tab gətirməyən uşaq silahı saxlaya bilməyərək tarazlığını itirib və növbəti güllələr təlimatçıya dəyib.
39 yaşlı Çarlz Vakka vertolyotla hospitala çatdırılsa da başından aldığı güllə yaralarından dünyasını dəyişib.
Atış meydanına qızı valideynləri gətirmişdi, onlar insident zamanı baş verənləri müşahidə ediblər.
Bir çox Amerika ştatlarında uşaqlara güllə atmağı kiçik yaşlarından öyrədirlər, amma atış meydançalarında riayət edilməsi tələb edilən ciddi təlimatlar mövcuddur, bu təlimatlar yuxarıda qeyd edilə insidentlərin baş verməsini istisna edir.