Bu insan əslində bəxti gətirməyənlərin siyahısında birinci yer tutur. O, qatarda qəzaya uğrayıb, yanan avtomobildən xilas olub, bir neçə avtomobil qəzası keçirib və hətta təyyarədən belə yıxılıb.
Tanış olun – Freyn Selak (Frane Selak), xorvatiyalı musiqi müəllimidir. 1962-ci ilin yanvar ayında Selak Sarayevodan Dubrovnikə qatarla səyahət edirdi. Nə baş verdiyi məlum deyil, amma qatar relsdən çıxaraq buz bağlamış çaya aşır.
17 sərnişin ölür, amma Selak sağ qalır, sadəcə soyuq sudan zərər çəkir, əli qırılır və bir-iki əziklə yaxa qurtarır.
Bir il sonra Zaqrebadan Riekaya uçarkən təyyarənin qapısı qırılır, Selakı kənara atır. 19 nəfərin hamısı vəfat edir. Selak isə ot tayasına düşərək sağ qalır.
1966-cı ildə səyahət etdiyi avtobus çaya düşür, dörd nəfər ölür, Selak yenə sağ-salamat qalır.
1970 və 1973-cü illərdə də bənzər qəzalara uğrayıb, maşını gözlənilmədən yanıb.
1995-ci ildə şəhər avtobusu onu vurub, amma yenə də sağ-salamat canını qurtarıb.
1996-cı ildə qarşıdan gələn yük maşını ilə toqquşmadan qaçarkən avtomobili ilə qayadan aşağı yuvarlanıb. Ağacın üstündə qalan Selak avtomobilinin daha 300 metr aşağı yuvarlanaraq partladığını seyr edib.
2003-cü ildə isə Selak Xorvatiyanın milli lotereyasında 1 milyon dollar udub. Bu dəfə ona sağ qalmaq üçün mübarizə aparmaq lazım deyildi. O qeyd edib ki, bu, son 40 ildə aldığı ilk lotereya bileti idi.
Uduşdan sonra gözəl adalardan birində ev alan Selak xoşbəxt ahıl həyatı sürməyə başlayıb. Amma bu uzun sürmədi. Bir neçə il keçdikdən sonra Selak evi satıb pulları qohum-əqrəbasına paylayıb, özü isə Petrinyaya yaşamağa yola düşüb. Özünə kiçik bir ev alaraq Müqəddəs Məryəm üçün kilsə tikintisi ilə məşğul olub.