23 aprel 2014-cü il tarixində qazpaylayıcı stansiyada kollektor üzərində yenidənqurma işlərinin aparılması, “Goranboy” qaz ölçü qovşağından qidalanan qaz kəmərlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi, “Şəmkir SES” (Kür qəsəbəsi) Avtomatik qazpaylayıcı stansiyasından qeyri-əhali istehlakçılarına nəql olunan təbii qazın bir nöqtədən təhvil verilməsi məqsədi ilə yeni sənaye kollektorunun yaradılması, qazpaylayıcı stansiyadan qidalanan orta təzyiqli qaz kəmərində siyirtmənin yerinin dəyişdirilməsi və siyirtmələrə texniki xidmət göstərilməsi ilə əlaqədar Azərbaycanın bir neçə rayonunda təbii qazın təchizatında fasilələr olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, sabah ölkənin bu rayonlarında təbii qazın təchizatında fasilələr olacaq:
- saat 09:00-dan 18:00-dək Quba rayonuna, Goranboy rayonunun bir hissəsinə və Şəmkir rayonunun Kür qəsəbəsinə;
- saat 09:30-dan saat 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə;
- saat 10.00-dan Qaradağ, Siyəzən və Nizami rayonlarının bir hissəsinə,
- saat 10:00-dan saat 13:00-dək Bərdə rayonunun bir hissəsinə;
- saat 10:00-dan saat 15:00-dək Ağdam rayonunun bir hissəsinə;
- saat 10:00-dan saat 18:00-dək Balakən rayonuna, Zaqatala, Qazax və Ağstafa rayonlarının bir hissəsinə;
- saat 11:00-dan saat 17:00-dək Daşkəsən rayonuna;
- saat 13:00-dan saat 18:00-dək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.