"İşğaldan azad edilmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarının, o cümlədən yanğınsöndürmə depolarının tikintisi və istifadəyə verilməsi istiqamətində zəruri işlər görülür".
Bunu Oxu.Az-a açıqlamasında FHN-in Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev deyib.
O bildirib ki, hazırda Şuşada və Ağdamda yanğınsöndürmə depolarının tikintisi, demək olar ki, başa çatıb. Digər bölgələrdə isə müvafiq layihələrin icrası davam etdirilir".
"FHN üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, əməkdaşların normal fəaliyyət şəraitinin təmin olunması, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Hazırda həm Şərqi Zəngəzur, həm də Qarabağ iqtisadi rayonlarında nazirliyin müvafiq bölmələri fəaliyyət göstərir. Bununla yanaşı, azad edilmiş ərazilərdə insanların daha rahat və təhlükəsiz yaşaması, eləcə də FHN-in xidmətlərindən operativ və səmərəli şəkildə yararlana bilməsi üçün müvafiq infrastrukturun yaradılması və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir", - deyə mərkəz rəisi əlavə edib.