Ağcabədidə məktəb yaxınlığındakı qədim tikilidə yanğın olub.
Oxu.Az-ın məlumatına görə, rayonun Minaxorlu kəndində, Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən və anbar kimi istifadə edilən qədim tikili yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Qeyd edək ki, yanğın baş verən binanın 100 ildən artıq yaşı var. Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli