Turanə Hüseynli yazır...
İndi içində olduğumuz, hər şeyi çox sürətlə istehlak etdiyimiz rəqəmsallaşan dünyada bəzən darıxıb dərindən köks ötürdüyümüz duyğular üçün romantik komediya filmləri insana pulsuz terapiya kimi gəlir.
Bəzi filmləri isə üstündən çox uzun illər keçsə də, hətta bu, sizin beşinci izləyişiniz olacaqsa belə, yenidən açıb izləməyə dəyər. Çünki bu tərz filmlərin formulu çox sadədir və hətta izləyici filmin gedişatına təəccüblənmir. Hadisələrin inkişafını təxmin etmək isə çox asandır: böyük etiraflar, uzun romantik dialoqlar, təsadüfi qarşılaşmalar, yağış altında yaşanan romantik anlar, ayrılıqlar və mütləq şəkildə xoşbəxt sonluqlar.
Həm bu formula uyğun olub, həm də illər keçsə də xatırlanan "Notting Hill" filmini xüsusi edən nə idi bəs?
Bu film çıxdığı dövrdə tamaşaçıya ilk ağla gələn "şahzadə" hekayəsini deyil, məşhur aktrisaya aşiq olan sadə oğlan haqqında bir hekayə danışmışdı. Əslində isə "Notting Hill" filmi məşhur bir qadınla adi bir kişinin sevgisindən çox, iki insanın fərqli həyatlarının ağırlığından və ehtiyaclarından bəhs edir.
Buna baxmayaraq, bu film insanı reallıqdan uzaqlaşdıran rəngli nağıl kimi hazırlanıb: özü-özlüyündə ayrıca baş qəhrəman olan Notting Hill küçələri, mavi qapılar, kiçik kitab dükanları, bazarlar... Rejissorun gözündən açıqça kimi gördüyümüz şəhərin qollarında cərəyan edən bu hekayə izləyicini romantika ehtiyacını ödəməyə və bu müddətdə möcüzələrə inanmağa yönləndirir.
1999-cu ildə ekranlara çıxan "Notting Hill" romantik komediya janrının ən yadda qalan filmlərindən biri hesab olunur. Filmin rejissoru Rocer Miçell, ssenari müəllifi isə romantik komediyaların dilini dəyişən Riçard Körtisdir. Baş rolları isə əvəzsiz Culiya Roberts və Hüq Qrant paylaşır.
Culiya Roberts burada Hollivudun ən məşhur aktrisası "Anna Skott" obrazını canlandırır. Hüq Qrant isə Londonun Notting Hill məhəlləsində kiçik kitab mağazası işlədən "Uilyam Taker" rolunu ifa edir.
Rocer Ebert bu film haqqında danışarkən bildirir ki, "Notting Hill" əslində məşhur olmağın romantik tərəfini yox, onun tənhalığını göstərir. Həqiqətən də biz film boyu "Anna Skott"u heç vaxt sadəcə bir ulduz kimi görmürük: öz "parlaq" həyatının içində yaşayarkən başqasının həyatını daha parlaq hesab edən, milyonlar tərəfindən "görülsə" də, həqiqətən görülməyə ehtiyac duyan, tam anlaşıldığı anda isə ona doğru addımlayan bir qadın görürük.
Körtis müsahibələrində bildirir ki, o, ssenarini yazarkən "Anna Skott" rolunda yalnız bir aktrisanı - Culiya Robertsi təsəvvür edirdi. Körtis həmçinin yuxusuz keçən gecələrinin məhsulu olan bu hekayənin yaranmasından belə danışırdı:
"Gecələr yata bilməyəndə tez-tez təsəvvür edirdim ki, həftədə bir dəfə yeməyə getdiyim dostlarımın evinə, məsələn, Madonna ilə getsəydim nə olardı? Onlar necə reaksiya verərdilər? Hansı dostum özünü daha vacib göstərməyə çalışardı? O axşam yeməyi necə keçərdi?"
Beləliklə, kiçik kitab mağazasının sahibi "Uill"in həyatına təsadüfən Hollivud ulduzu "Anna Skott"un daxil olduğu, bu qəribə tanışlığın maraqlı bir münasibətə çevrildiyi və sonunda sevginin qalib gəldiyi, milyonlarla insanın həyatına qonaq olacaq bu hekayə doğulur.
"Notting Hill" 1999-cu ildə dünyada ən böyük kassa gəlirlərindən birini toplayaraq ilin ən uğurlu romantik filmlərindən olmuş və üç "Qızıl Qlobus" nominasiyası qazanmışdı. Məhz buna görə, aradan iyirmi beş ildən çox vaxt keçməsinə baxmayaraq, film hələ də romantik komediyalar haqqında hazırlanmış bütün siyahılarda öz yerini qoruyub saxlaya bilən ən gözəl ekran əsərlərindən biridir.
Sizi əmin edə bilərəm ki, bu filmi 10 il və ya 5 il əvvəl izləyərkən sizdə yaratdığı hisslərlə, məhz bu dövrdə izləyərkən buraxacağı izlər, duyğular və düşüncələr fərqli olacaq. Çünki bu sadə filmin içindəki zövq, romantika, yumor, sonradan hamının şəkil çəkdirdiyi o məşhur mavi qapı belə bizə darıxdığımız o sadəliyi, bir zamanlar inanmaqdan çəkinmədiyimiz möcüzələri xatırladır.