19 yaşlı Kendall Cons Texasdandır. O, bu yaxınlarda vəhşi təbiəti sevənlərin narazıçılıq dalğasına hədəf olub.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, mələk görünüşlü incə sarışın Facebook səhifəsində Afrikada öldürdüyü heyvanlarla çəkdirdiyi fotoları paylaşıb. Bütün fotolarda qız üzündə sevincli gülüşlə təsvir edilib.
Minlərlə istifadəçi Kendallı qəddar və dəli adlandıraraq, Facebook-dan bu – qanı damarlarda donduran şəkilləri silməyi tələb edib.
Qız isə öz növbəsində bildirib ki, şəkillər onun ovçuluq qabiliyyətindən xəbər verir, burada qınamalı heç bir şey yoxdur. O, hesab edir ki, əslində cəmiyyətə xeyir gətirir. Belə ki, ovçuluq lisenziyası almaq üçün ödədiyi vəsait qoruq və onun sakinlərinin müdafiəsinə sərf edilir.
Bu bəyanatlara baxmayaraq məlum olub ki, Kendall ağ kərgədan öldürüb, bu heyvan isə nadir növ hesab edilir və populyasiyası cəmi 20 mindən ibarətdir.
Kendallın səhifəsini ləğv etməyə səsləyən online-petisiya bir həftə ərzində 40 000 səs yığıb. Heyvan mühafizəçiləri qıza Afrika ərazisində ümumiyyətlə ov etməyin qadağan edilməsini istəyirlər.