"Həddindən artıq tərləmə hər zaman isti hava, fiziki fəaliyyət və ya streslə əlaqəli olmur".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq-diyetoloq Vladimir Mayorov Lenta.ru nəşrinə açıqlamasında deyib.
Mütəxəssis qəfil tərləmənin üç qeyri-adi səbəbini açıqlayıb.
Həkimin sözlərinə görə, diabet, qanda şəkərin səviyyəsinin kəskin dəyişməsi və ya hipoqlikemiya zamanı orqanizm soyuq tər, titrəmə, ürəkdöyünmə, halsızlıq və təşviş kimi əlamətlərlə reaksiya verə bilər:
"Belə tərləmə adətən qəfil başlayır və aclıq hissi, başgicəllənmə və ya zəifliklə müşayiət oluna bilər".
Mütəxəssis güclü tərləmənin digər ehtimal olunan səbəblərindən biri kimi bəzi dərmanların qəbulunu göstərib:
"Xüsusilə antidepresantlar, antipsixotiklər və insulin belə reaksiyaya səbəb ola bilər. Tərləmə yeni dərman qəbul etməyə başladıqdan və ya dozanı dəyişdikdən sonra yaranıbsa, problemi özbaşına həll etməyə çalışmaq əvəzinə, müalicə həkimi ilə məsləhətləşmək lazımdır.
Digər bir səbəb isə hipertireoz ola bilər. Bu zaman maddələr mübadiləsi sürətlənir, insan istiyə daha həssas olur və tərləmə artır. Digər mümkün əlamətlərə qidalanma rejimi dəyişmədən çəki itkisi, ürəkdöyünmənin sürətlənməsi, qıcıqlanma və titrəmə daxildir".