Kişiyə hədiyyə almaq həm çətin, həm də asandır. Bəzən bizə elə gəlir ki, kişilər üçün hədiyyə seçimi o qədər də çox deyil. Ona görə də indi sizə kişilərin ən sevimli hədiyyələrinin adlarını təqdim edəcəyik.
Ətir
“Görəsən, hansı hədiyyəni alım?” – fikirləşəndə, ağıla gələn ilk fikir ətirdir. Klassik, hər zaman dəbdə və seçimdə uğurlu olan bir hədiyyədir.

Qalstuk
Əgər sevgiliniz, yaxud həyat yoldaşınız qalstukdan istifadə edirsə, ona gözəl qalstuk və ya qalstuk sancağı ala bilərsiniz. Onun üzərinə sevdiyinizin baş hərfini həkk etdirsəniz, sevgiliniz çox duyğulanacaq və bu hədiyyə onu xoşbəxt edəcəkdir.

Üzqırxan maşın
Kişilərin ən çox bəyəndikləri hədiyyələr sırasındadır. Ona həmişə ehtiyac duyurlar.

Fincan
Sizin və sevgilinizin adı, həmçinin sevgi etiraflarının yazıldığı fincan onun üçün sürpriz hədiyyə olacaq.

Kəmər
Əsasən qara rəngdə kəmər hədiyyə etsəniz, onun zövqünü oxşaya bilərsiniz.

Saat
Son illər ərzində çox istifadə olunmasa da, zəncirli saat hələ də əvvəlki cazibəsini və gözəlliyini qorumaqdadır. Hazırki dövrümüzdə mobil telefon, kompüter bizi vaxtdan xəbərdar etdiyinə görə qolumuzda saat olmasına çox vaxt ehtiyac duymuruq. Ancaq nostalji hisslərdən ayrıla bilməyənlər üçün zəncirli saat, yaxud qol saatı kişinin doğum günündə, bayramda ona hədiyyə edə biləcəyiniz maraqlı seçimdir. Sevgiliniz bu saatı həm aksesuar kimi istifadə edəcək, həm də illər boyu bu hədiyyəni əsla unutmayacaq. Üzərində sevgilinizlə birlikdə rəsminizi və sevginizi ifadə edən cümləni yazdırdığınız divar saatını da hədiyyə etsəniz peşman olmazsınız.

Əl çantası
Bu gün qadınlar kimi kişilər də çantadan istifadə etməyə ehtiyac duyurlar. Onlara həqiqi dəridən hazırlanmış əl çantası hədiyyə edə bilərsiniz. Mobil telefon, avtomobil və ya evin açarı, portmane və başqa əşyaları içərisinə yerləşdirə biləcəyi qəşəng çanta bağışlamaq lap yerinə düşər.

Qələm dəsti
Atanıza və müəlliminizə bağışlayacağınız ən maraqlı hədiyyədir. Xüsusi qablaşdırmada olan qələm hədiyyə edib, üzərində həmin şəxsin adını yazdırmaqla onu daha da xoşbəxt etmiş olarsınız.

Qol düyməsi
Əziz xanımlar, qol düymələri ilə sevdiyiniz kişiləri sevindirə və təəccübləndirə bilərsiniz.

Köynək
Kişilərin sevimli hədiyylərindən sayılır. Klassik köynək, yaxud pərəstiş etdiyi komandanın emblemi olan hansısa bir geyim onun üçün gözlənilməz bir hədiyyə olacaqdır.

Açarlıq
Kişilər üçün ən orijinal hədiyyələrdən biridir. Bunu bütün kişilər bəyənir.

Məşhurların bir-birinə təqdim etdiyi ən bahalı hədiyyələr:
- Cessika Simpsonun 31 yaşı olanda, Erik Conson ona təxminən 15 000 dollarlıq çanta hədiyyə edib.
- Opru Uinforin Con Travoltaya dostluq üçün təşəkkür məqsədilə 1988-ci ilin buraxılışı olan “Rolls-Royce Corniche” hədiyyə verib.
- 2004-cü ildə planetin ən zəngin insanlarından biri, Donald Tramp, öz nişanlısı Melaniya Knaussa 2 milyon ABŞ dolları dəyərində 15 karatlıq brilyantla bəzədilən “Graff” firmasının nişan üzüyünü hədiyyə edib.
- Məşhur futbolçu David Beckham 2008-ci ildə öz xanımı Victoriya Beckhama Kaliforniyanın Napa Valley üzümlüyünü hədiyyə edib.
- Mayk Tayson eks həyat yoldaşı Robin Givensə 2 milyon dollar dəyərində hamam vannası hədiyyə edib.
Aytən Sadıqzadə