Ofislərdə işçilərin hər gün toxunduğu, lakin təmizliyinə nadir hallarda diqqət yetirdiyi bir sıra gündəlik əşyalar var.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, tibb elmləri doktoru, infeksionist Mariyat Muxina iş məkanında hansı səthlərdə çoxlu sayda mikroorqanizmin toplana biləcəyini açıqlayıb.
"Ofisdəki bütün stasionar və şəxsi telefonlar təhlükə mənbəyidir. Onların səthində tüpürcək damcıları, dəri hissəcikləri, həmçinin çanta və ciblərdən keçən mikroblar toplanır", - deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, işçilər birbaşa iş masasının arxasında qidalanır və içki qəbul edirlərsə, kompüter avadanlıqlarında xüsusilə çoxlu çirk toplana bilər. Vaxt keçdikcə həmin səthlərdə bioloji təbəqə formalaşır.
Kompüter klaviaturası ofisdə bakteriyaların əsas toplandığı yerlərdən biridir. Potensial bakteriya mənbələri sırasına qapı tutacaqları və lift düymələri də daxildir.
Həkim kondisioner sistemlərinə və hava nəmləndiricilərinə xüsusi diqqət yetirməyi məsləhət görüb. Onun sözlərinə görə, çirklənmiş filtrlərdə kif göbələkləri və legionella bakteriyaları çoxala bilər. Hava axını isə bu mikroorqanizmləri otaq daxilində yaya bilər.