Lüteran kilsəsinin keşişi Kevin Fastı (Kevin Fast) dünyada ən güclü keşiş adlandırıblar. Ginnesin Rekordlar Kitabına daxil edilmiş bir neçə rekord ona məxsusdur. O, Ontario vilayətində Müqəddəs Pavel kilsəsində çalışır, nikah və xaç suyuna salınma mərasimlərini yerinə yetirir.
Oxu.Az bu barədə The Daily Star-a istinadən xəbər verir.
Fastın bu yaxınlarda 51 yaşı tamam olub, güc idman növləri ilə 12 yaşından məşğul olur. Keşiş bildirib ki, pauerliftinqlə məşğul olmaqda həvəsi onda XIX əsrdə yaşamış kanadalı pəhləvan Lui Sir yaradıb. Rekordları və müxtəlif şoularda iştirakı üçün aldığı bütün pulları yerli xeyriyyə təşkilatlarına köçürür.
Fast Ginnesin Rekordlar Kitabına ilk dəfə deyil ki, düşür. Daha öncə o ən ağır təyyarəni (189 ton) yerindən tərpədən insan kimi rekord vurub. Bundan başqa, keşiş dünyada ən ağır yük maşınını (57 ton) 30 metr məsafəyə aparıb, eləcə də kürəyində 22 qadını daşıya bilib.