Dünən bütün ingilis KİV mərhum şahzadə Diananın kiçik oğlu və kraliça İkinci Yelizavetanın nəvəsi şahzadə Harrinin rəfiqəsi – kübar ailədən olan Kressida Bonasdan ayrıldığını xəbər verib.
Oxu.Az xəbər verir ki, cütlük iki illik münasibətdən sonra və tezliklə nişanlanacaqları barədə şayiələrin son zamanlarda vüsət aldığına baxmayaraq ayrıldı.
Dostlarının sözlərinə görə, Harri və Kressida dostcasına ayrılıblar.
Eləcə də məlumat verilir ki, 25 yaşlı Kressida öz karyerasına diqqət ayırmağı qərara alıb: bu yaxınlarda məşhur rəqs məktəbini bitirib, hal-hazırda isə Soxo marketinq şirkətində işləyir və bundan sonra nə edəcəyi barədə düşünür.
Dostlarının fikrinə görə gənclər arasında fikir ayrılığı məhz Kressidanın müstəqilliyə can atması üzündən olub, amma gələcəkdə yenidən birlikdə olacaqları istisna deyil. Belə olan halda onlar şahzadə Uilyam və Keyt Middltonun əhvalatını təkrar etmiş olacaqlar. Onlar da 2007-ci ildə bir müddət ayrı qalıblar.
Kral ailəsinin mətbuat katibi şahzadə Harrinin şəxsi həyatı barədə məlumat vermək fikrində olmadıqlarını bəyan edib.
Aliyə İsmayılzadə
www.oxu.az