Yarım il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılan yoxlamalar zamanı 56 uşaq bağçasında qanunsuzluq aşkarlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Komitədən verilən məlumata görə, bu təkcə Bakı şəhərində deyil, eyni zamanda regionlarda da aparılan araşdırmaların nəticəsi olaraq bağçalara iradnamələr verilib. Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartının tələblərinə əməl olunmadığı aşkar olunub.
Sonuncu belə yoxlama 195 saylı bağçada aparılıb və yoxlamalar zamanı isə vaxtı ötmüş məhsullar aşkar olunub.
Yoxlanılmış müəssisələrdə standartın tələblərinə müvafiq qaydada təsdiq olunmuş menyu nümunəsinə rast gəlinməyib. Bundan başqa, bağçalarda istismar müddəti bitmiş, mətbəx və məişət avadanlıqlarından hələ də istifadə faktı ortaya çıxıb. Xammal anbarlarında xammalların saxlanılması üçün heç bir şəraitin olmadığı aşkarlanıb. Anbarda havalandırma sistemi yaradılmayıb və ət, balıq, süd məhsullarının və s. bir yerdə saxlanıldığı müəyyən edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının dediyinə görə, bağçalarda həmçinin istifadəsinə icazə verilməyən məhsulların olması təsdiqlənib. Pendirli krekerlər, ketçubla suxarı, balıq kürüsü, kolbasa məhsullarına rast gəlinib.
Aparılan araşdırmalar zamanı uşaqlara son istifadə müddəti bitmiş ərzaq məhsullarının, zərərverici həşəratlarla çirklənmiş unun, yarmanın və istehlak müddətini bitirmiş ətin uşaqlara verildiyi faktı aşkara çıxıb. Ətin baytarlıq nəzarətindən keçmədən istifadəsinə də rast gəlinib.
Aparılan yoxlamalar zamanı aşkar olunan qanun pozuntuları barədə bağçaların rəhbərlərinə qanunsuzluqların qarşısının alınması üçün tapşırıqlar verilib.