Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova ilk dəfə olaraq “Start a Fire” balladasının səhnə quruluşunu təqdim edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Start a Fire” mahnısını “Eurovision” mahnı müsabiqəsinin mayın 6-da Danimarkanın Kopenhagen şəhərində keçiriləcək birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
İfaçımız hava gimnastı və üç bek-vokalçı ilə birlikdə səhnəyə çıxacaq. Qadın gimnast 8 metrlik trapesiyada çıxış edəcək.
“Eurovision” mahnı müsabiqəsinin tarixində nömrənin hava gimnastının iştirakı ilə qurulması ilk hadisədir. Komanda qarşısında çətin bir məsələ qoyulub – çəkiliş və xüsusi qurğuların möhkəmləndirilməsi üçün ən uyğun variant tapmaq. Adi iki nöqtə əvəzinə trapesiya tavanın altında bir nöqtədə möhkəmləndiriləcək ki, 360 dərəcə fırlana bilsin.
“Start a Fire”nin quruluşçu rejissoru İsveç rejissoru və xoreoqrafı Osa Enqmandır.
Mahnının səhnə quruluşu Polşa-yapon xoreoqrafı Petr Torazava Giro ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Hava gimnastının akrobatik elementləri təkrarlanmayacaq, buna görə də quruluş hər məşqdə fərqli görünəcək.
Dilarə Kazımova deyir:
“İlk məşqdə mən ən çox hava gimnastının təhlükəsizliyinə görə narahat idim. O, çox hündürdədir – bu, çox təsiredicidir, amma eyni zamanda çox qorxuludur”.
Quruluşçu rejissorun ideyasına görə, hava gimnastı – qeyri-standart düşüncənin təzahürüdür. Onun sayəsində hər kəs adi həyatda yeni bir şey tapa bilər, adi bir şeydə qeyri-adilik görə bilər.
“Start a Fire” mahnısının sözləri şeir və hətta duaya bənzəyir. Mahnı çox qeyri-adidir və biz ona uyğun qeyri-adi quruluş yaratmaq istəyirdik. Ümid edirəm ki, bu, bizdə alınacaq”, - deyə Dilarə Kazımova söyləyir.