İranın sənədli şəkillər çəkən fotoqrafı Kave Qolestanın “Fahişə” silsiləsindən olan ilk Britaniya sərgisi Londonun Foto Yarmarkasında açılıb.

Oxu.Az xəbər verir ki, ekspozisiyada 61 ağ-qara foto var.

Sərgidə Tehranın inqilabdan əvvəlki “Qırmızı fənərlər” məhəlləsində Şəhri Nou qalasında işləyən qadınları əks etdirən 61 orijinal foto nümayiş etdirilir.

Qolestan 1975-77-ci illərdə buradakı fahişələrin və sakinlərin həyatlarını təsvir edib.

O, burada çox vaxt keçirir, sakinlərin həyatını müşahidə edirdi, tez-tez gəlib-getməsi ona qadınların etibarını qazandırıb.

Burada minədək qadın hasarlanmış şəhərcikdə yaşayır və işləyirdi.

Onların portretləri təcrid edilmiş bu icmanın hal-hazırda heç bir iz qalmayan həyatına unikal şəkildə işıq salır.

İran İslam İnqilabından bir neçə həftə əvvəl qalaya od vurularaq yandırılıb.

Sakinlərin çoxu içəridə qapalı qalıb, orada yananların sayı hələ də qeyri-müəyyən olaraq qalır.

Az sonra bu ərazi Ayətullah Xomeyninin sərəncamı ilə təmizləndi. Qolestanın portretləri bu yerin ab-havasını yaratmaq üçün son sənədlərdir.

Bu sərgidə həmçinin bəzi sənədlər və dəftərlər nümayiş etdirilir.

Mayın 24-dək London Foto Yarmarkasının “Somerset” salonunda davam edən sərgidə dünyanın 70 ölkəsindən gətirilmiş nadir tarixi fotolar nümayiş olunub.

Ekspozisiyada müxtəlif fotoqrafiya janrları sərgilənib.





E.Ə.
www.oxu.az
![]()