Dövlət başçısının sərəncamına əsasən, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib.
Oxu.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.
Tikinti layihəsinə uyğun olaraq, 2 hərəkət zolaqlı olmaqla, yolun ümumi eni 12 metr təşkil edir. Bura 7 metr enində hərəkət hissəsi və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxildir.
Layihə çərçivəsində sözügedən yolun 18 km-lik hissəsində torpaq işləri görülərək yekunlaşdırılıb, asfaltlanma işlərinə başlanılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq ye yol yatağı, optimal-qırmadaş və qum-çınqıldan ibarət yol əsasının tikintisi aparılıb. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min kv.m-dən çox sahəsinə iki qat olmaqla və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.
Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun qalan 11,5 km-lik hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yolun yaşayış məntəqələrindən keçən ərazilərində yeni piyada səkiləri qurulub, səkilərin kənarlarına 6 min p/m səki daşı düzülüb.
Yenidənqurma işləri çərçivəsində yolun 18-ci km-də, Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpünün də əsaslı şəkildə bərpası işləri görülür. Bundan başqa, suların ötürülməsi üçün 42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.
Layihəyə uyğun tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 189 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Ü.Ş.