Facebook-un yaradıcısı Mark Tsukerberq sosial şəbəkə səhifəsində adi “bəyənirəm” (like) düyməsini əvəz edən genişlənmiş emosiyalar xəttinin anonsunu verib, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
“Uzun illərdir ki, insanlar bizdən “bəyənmirəm” düynməsini əlavə etməyi xahiş edirdilər. Həyatın hər anı yaxşı an deyil, bəzən sadəcə təəssüfünüzü bildirmək istəyirsiniz. Bu mühüm məqamlarda siz daha çox şeyi bölüşmək istəyirsiniz, belə zamanlarda “like” özünü ifadə etmək üçün ən yaxşı üsul olmaya bilər”, - o yazıb.
Tsukerberqin sözlərinə görə, Facebook-da istifadəçilərə özünü ifadə imkanı vermək üçün uzun zaman sərf ediblər və bu gün yeni düymələr İrlandiya və İspaniyada sınaqdan keçiriləcək.
“Reaksiya” düymələri məhəbbət, zəriflik, yumor, kədər və qəzəbi ifadə etmək imkanı verir.
İspanlar və irlandiyalılar üzərində sınaq başa çatdıqdan sonra bu düymələrin bütün Facebook istifadəçiləri üçün tətbiq edilməsi planlaşdırılır.
Sentyabrda Facebook təsisçisi Mark Tsukerberq bəyan edib ki, sosial şəbəkədə istifadəçilərin uzun müddət xahiş etdikləri “bəyənmirəm” düyməsi yaradılacaq.