Baş verəcək hadisə barədə ilk dəfə Rusiyanın müxtəlif fantastik verilişləri ilə tanınan REN-TV telekanalı məlumat yayıb.
Oxu.Az KP-yə istinadən xəbər verir ki, daha sonra teleşirkətin saytında aşağıdakı məzmunda qeyd peyda oldu:
“Bu yeni il bayramlarında bütün Yer kürəsi əhalisi min ildə bir dəfə baş verən hadisəni yaşaya bilər. Bu, 4 yanvar 2015-ci ildə, Moskva vaxtı ilə 19:47-də (Bakı vaxtı ilə 20:47) baş verəcək”.
Alimlərin sözlərinə görə, bu dəqiqələrdə asanlıqla havada sıçrayıb şəkil çəkdirmək olar. Adətən sıçrayış edən insan saniyənin dörddə biri qədər vaxtdan sonra düşür. Bu dəfə (yəni, yanvarın 4-də) insan havada tam 3 saniyə qala bilər.
Britaniyalı astronom Patrik Mur deyib ki, bu zaman Pluton, Yupiter bir sıraya düzüləcəklər:
“Böyük kütləsinə görə, bu planetlər Yerin cazibə qüvvəsini özünə çəkəcəklər və buna görə də, o, xeyli zəifləyəcək”.
Bir qədər sonra bu xəbər bir neçə informasiya agentlikləri tərəfindən sürətlə yayıldı. Bəs nə etməli – möcüzə gözləmək lazımdırmı?
Təəssüf ki, xeyr. Yanvarın 4-də Yerin cazibə qüvvəsi zəifləməyəcək. Lakin belə bir mövzuda söhbətin olması məlumdur. Elə onun müəllifi, britaniyalı astronom Patrik Mur da.
O, tarixdə ən uğurlu 1 aprel zarafatının müəllifi kimi tanınır.
Mur cazibə qüvvəsi haqqında konkret olaraq, 1976-cı ildə zarafat edib və BBC-nin efirində bildirib ki, aprelin 1-də planetlərin paradı baş verəcək – Yer, Mars, Yupiter bir sıraya düzüləcəklər. Bundan başqa, Pluton da o planetlərə qoşulacaq və saat 9:47-də Yupiterin arxasında gizlənəcək. Və bu zaman yerlilər planetlərin cazibə qüvvəsini hiss edəcəklər. Pluton və Yupiter insanları öz arxaları ilə yuxarıya çəkəcəklər.
Astronom bunu hiss etmək üçün saat 9:47-də yerində sıçramağı və havadan asılı qalmağı təklif edib. Və bütün dinləyicilər də həmin vaxt gəldikdə, bu hərəkəti ediblər.
Sonradan radioya zəng edən çoxlu sayda yerindən sıçrayan şəxslər havadan asılı qaldıqlarına inandırmağa başlayıblar. Bir qadın hətta otaqda öz dostları ilə uçduğunu da söyləyib.
Lakin Mur aprelin 1-i üçün zarafat edirdi. Bəs nə üçün bir televiziya kanalı bu zarafatı üstündən 38 il sonra təkrarlayır? 4 yanvar tarixi hardan peyda oldu? Yəqin ki, gülüş üçün, bayramda darıxmamaq üçün. Yaxud da kimsə televiziya işçilərini aldadıb, bir zarafatı yeni xəbər kimi təqdim edib. Belə də olur.