Britaniyanın Ketterinq şəhərindən olan 59 yaşlı iş adamı Endryu Adamson və onun 58 yaşlı həyat yoldaşı Liz evlərinə qayıdarkən, çağırılmamış qonaqlarla üzləşiblər. Bu ling və armaturla silahlanmış üç qarətçi olub. Kişi özünü itirməyib və köməyə çağırmaq əvəzinə qarətçiləri evdən təkbaşına qovub.
Oxu.Az Metro-ya istinadən xəbər verir ki, müşahidə kameralarına papaqlı gödəkçə geyinmiş üç nəfərin armaturla qıfılı sındıraraq yad evə girmələri çəkilib. Bir neçə dəqiqə sonra kadrda Endryu Adamson öz həyat yoldaşı ilə görünür. Onlar qapını açaraq çağrılmamış qonaqları görürlər. Bir anın içində qarətçilərdən birinin küçəyə atılması görünür. O, evin sahibinə bir neçə zərbə endirsə də bu britaniyalını dayandırmır. Qəzəbli şəkildə digər qarətçiləri də evindən bayıra atır.
Qarətçilər Adamsonun içində 400 funt sterlinq olan keysini aparıblar. Bundan başqa təqaüdçü başından zərbə alıb, həkimlər onun yarasına yeddi tikiş qoymalı olublar. “Mən kişi kimi, evimi və həyat yoldaşımı müdafiə edirdim. Olanlara müdaxilə etməyə bilməzdim”, - 59 yaşlı iş adamı bəyan edib.
Bu hadisə 2010-cu ildə baş versə də polis jurnalistlərə yalnız indi bu haqda danışmağa icazə verib, çünki britaniyalının evinə qarət məqsədi ilə soxulan cinayətkarlar tapılıb və həbs edilib. İstintaqa yalnız müşahidə kamerasının kadrları deyil, eləcə də kişinin qarətçilərin üzündən çəkib çıxardığı maskalar da yardım edib.